Əlcəzairdə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mədəniyyət nazirlərinin VII konfransı keçirilir.
Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə İƏT-ə üzv ölkələr tərəfindən İslam Dünyası üzrə Mədəniyyət Strategiyasının yerinə yetirilməsi, o cümlədən 2009-cu il 13-14 oktyabr tarixində Bakıda keçirilmiş islam ölkələri mədəniyyət nazirlərinin VI sessiyasının qərar və tövsiyələri əsasında həyata keçirilmiş mədəniyyət və davamlı inkişaf proqramlarına dair hazırlanan milli hesabatların dinlənilməsi nəzərdə tutulur.
İclasın birinci günü nazir Ə. Qarayev konfransa sədrlik edib və prosedura uyğun olaraq sədrlik növbəti iki il üçün Əlcəzairə keçib. (Azərbaycan 2009-cu ildən İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin konfransına sədrlik edib.) Azərbaycanın islam dünyasındakı nüfuzu və fəaliyyəti nəzərə alınaraq ölkə növbəti iki il üçün konfransın məruzəçisi seçilib.
Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə konfransın yekun sənədinə Xocalıya ədalət, Qarabağda dağıdılmış islam irsi və Ermənistanın işğalçılığı ilə bağlı bəndlər daxil edilib.
İclas çərçivəsində Ə. Qarayev Əlcəzairin, Mərakeşin, İranın, İordaniyanın və bir sıra digər ölkələrin mədəniyyət nazirləri ilə ikitərəfli görüşlər keçirib.