Azərbaycan prezidenti İlham Əliyev ölkənin pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib. Ölkə başçısı dünyada tolerantlıq örnəyi kimi tanınan müstəqil Azərbaycanın bütün vətəndaşlarının dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına, o cümlədən vicdan azadlığına malik olduqlarını vurğulayıb.
"Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilib. Cəmiyyətimizin mühüm hissəsi olan xristian icması da yaradılmış bu imkanlardan geniş faydalanır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, onlar Azərbaycanın ictimai-siyasi və mədəni-mənəvi həyatında yaxından iştirak edir, respublikamızın tərəqqisi naminə fəal vətəndaş mövqeyi göstərirlər.
İsa peyğəmbərin mövludu günü kimi əlamətdar olan mübarək Milad bayramı yenilik, əmin-amanlıq, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy, bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.
Bayramınız mübarək olsun!"