Növbəti illərdə Azərbaycandan həcc ziyarətinə gedəcək zəvvarlar üçün yalnız təyyarə variantının təklif olunması gözlənilir. APA-nın xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib. O, bildirib ki, artıq Türkiyə, Rusiya, İran və digər ölkələr zəvvarları həcc ziyarətinə avtobusla göndərmirlər.
Məsələyə münasibət bildirən ilahiyyatçı Hacı Ceyhun Cəfərov Deyerler.Org-a açıqlamasında bunları deyib: “Bildiyiniz kimi, zəvvarlarımız səfər boyu İraq və Suriya ərazilərindən keçirlər. Həmin ölkələrdə də gərginlikdir. Təhlükəsizlik baxımından məncə, bu, düzgün addımdır. Həmçinin bir neçə ölkənin gömrük postlarından keçərkən xeyli sayda vaxt itkisi və gərginlik yaşanır. Həm də ola bilər ki, artıq Səudiyyə hökuməti də avtobusla zəvvar qəbulunu dayandırmaq istəyir. Yəqin ki, bu barədə qərar verilərsə, nələrsə nəzərə alınıb veriləcək. İran, Türkiyə, İordaniya kimi ölkələr ən çox zəvvar göndərən ölkələrdir ki, onlar da təyyarə ilə gəlirlər. Təcrübə də göstərir ki, təyyarə ilə getmək avtobusla getməkdən daha təhlükəsizdir. Həcc mərasiminə onsuz da imkanı olan şəxslər gedir. İmkanı çatmayan şəxsə həcc ziyarəti düşmür".