Beynəlxalq terror şəbəkəsi "əl-Qaidə"nin lideri Üsəma bin Ladenin internet saytlarında yeni videomüraciəti yayılıb. Bin Laden bu dəfəki müraciətində dünya müsəlmanlarını İsrailə qarşı "müqəddəs cihada" çağırır.
"Biz Fələstini dənizdən dənizə azad etmək əzmindəyik. İsrail qana qanla cavab verməli olacaq" - deyə "əl-Qaidə" lideri bildirib.
Bin Laden deyib ki, onlar Fələstin torpaqlarında yəhudilərə bir qarış da olsun torpaq verilməsini qəbul etməyəcəklər. Terrorçu bu dəfə də İraqdakı vəziyyət haqda danışıb. O, sünniləri İraqın hər hansı vahid hökumətində yer almamağa çağırıb. Bin Ladenin sözlərinə görə, ABŞ və İraqdakı hakimiyyət ölkədə sünnilərin, şiələrin və kürdlərin iştirakı ilə milli birlik hökuməti qurmağa çalışır. "Biz bunun qarşısını almalıyıq. Çünki belə hökumət İraqda İslam dövləti yaratmağa imkan verməyəcək". Bin Laden İraqın sünni qəbilələrini "əl-Qaidə"yə qarşı döyüşlərdə iştirakdan əl çəkməyə də çağırıb.
Bu, sentyabr ayından bəri bin Ladenin sayca beşinci müraciətidir. Ondan əvvəl "əl-Qaidə" lideri uzun müddət görünməmişdi. Əvvəlki müraciətində bin Laden Pakistan müsəlmanlarını Müşərrəf hakimiyyətinə qarşı "cihada" çağırıb. Onun yeni müraciətinə reaksiya verən Ağ Ev nümayəndəsi Toni Fratt jurnalistlərə bildirib ki, bin Ladenin dedikləri ABŞ-ın İraqda həyata keçirmək istədiyi vəzifənin nə dərəcədə vacib olduğunu göstərir. "Bir daha görünür ki, "əl-Qaidə"nin məqsədi İraqda demokratiyanın qarşısını almaqdır?.