ABŞ Türkiyə ilə İsrail arasında uzun müddətdir davam edən böhranın aradan qaldırılması üçün yeni təklif irəli sürüb. İsrailin "Maariv" qəzetinin xəbərinə görə, Amerika tərəfinin təklifiylə İsrailin Baş naziri Binyamin Netanyahu ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında gizli telefon görüşməsi reallaşacaq.
SalamNews "Doğan" agentliyinə istinadla xəbər verir ki, görüşdən sonra ABŞ-ın təklif etdiyi kimi, hər iki tərəf məzmun baxımından iki fərqli bəyanat verəcək. Plana görə, rəsmi Ankara "Mavi Mərmərə" gəmisindəki 9 Türkiyə vətəndaşının ölümündən sonra İsrailin üzr istədiyini, Təl-Əviv isə yalnız qarşıdurma nəticəsində baş verənlərdən duyduğu üzüntüsünü dilə gətirdiyini açıqlayacaq.
Baş nazirlərin açıqlamalarından sonra diplomatik əlaqələrin səviyyəsi yüksəldiləcək və Türkiyə Təl-Əvivdə, İsrail də Ankaraya səfirini yenidən göndərəcək.
ABŞ-ın təklifində "Mavi Mərmərə" hücumunda öldürülən türklər üçün ödənəcək təzminatla bağlı yeni düstur da irəli sürülüb. Vaşinqton İsrailin təzminatı birbaşa ölənlərin yaxınlarına göndərmək yerinə, Türkiyənin İsrail ilə koordinasiya içərisində xüsusi bir fond qurmasını təklif edib.