Türkiyə Prezidenti Abdulla Gül Vyana görüşləri əsnasında Fransız xəbər kanalı "France 24"ə müsahibə verib.
SalamNews-un "İhlas"a istinadla verdiyi xəbərə görə, İsrailin İrana ehtimal olunan hücumunu yanacaqdoldurma məntəqəsində odla oynamağa bənzədən Gül deyib: "İsrailin İrana hücumunu dəlilik kimi görürəm. Bunu ən son səhv olaraq görərəm. İran zarafat deyil. Bunu, nüvə silahına qarşı çıxan bir ölkənin dövlət başçısı kimi söyləyirəm. Kimdə nüvə silah varsa, buna qarşıyıq. Hələ belə bir şeyi bölgəmizdə heç istəmirik. Təbii ki, İranın nüvə silah düzəldir-düzəltmir, bu barədə bir şey deyə bilmərəm. Dəqiq məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyi bildirəcək. Biz qonşumuzda nüvə silah görmək istəmərik. Amma İrana hücum etmək yanacaqdoldurma məntəqəsində odla oynamağa bənzəyir. Məncə, bu, çox təhlükəlidir".