ABŞ səfirinin xanımı Zeyno Baran Brayza Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində “İslam, İslamçılıq və Qərb” mövzusunda mühazirə ilə çıxış edib.
ADU-dan APA-ya verilən xəbərə görə, tədbirə ADU-nun professor-müəllim və tələbə heyəti qatılıb.
Z. Baran qeyd olunan sahədə apardığı araşdırmaların nəticələri, islamın inkişafı və bəzi ölkələrdə yayılan siyasi islam fenomeni, islam və demokratiya, islam və qadın haqları mövzuları haqqında ətraflı danışıb və öz fikirlərini bölüşüb. Sonra o, iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, xanım Brayza müsəlman hərəkatları, ABŞ-ın Avrasiya siyasəti və enerji təhlükəsizliyi məsələləri üzrə dünyada tanınan mütəxəssislərdən biridir. O, “The Other Muslims: Moderate and Secular”, “Torn Country: Turkey Between Secularism and Islamism” və “Citizen Islam” kitablarının müəllifidir.