Misirin Ayn-Şəms Universitetində Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi ilə əlaqədar “Azərbaycan günü” keçirilib
Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə Ayn-Şəms universitetinin tələbə-müəllim kollektivi, elmi tədqiqatçılar, Misirdə təhsil alan digər əcnəbi tələbələr və Ayn-Şəms Universitetinin Ədəbiyyat fakültəsinin tədris proqramı çərçivəsində Azərbaycan dilini öyrənən 120 nəfərlik tələbə qrupu iştirak edib. Bildirilir ki, səfirliyin dəstəyi ilə Misirin Ayn-Şəms Universitetinin Ədəbiyyat fakültəsinin tədris proqramı çərçivəsində artıq bir ildən artıqdır ki, Azərbaycan dili fənni tədris olunur. 2011-2012-ci tədris ilində Azərbaycan dilini öyrənən tələbələrin sayı 120 nəfərə çatıb. “Azərbaycan günü” çərçivəsində keçirilmiş simpoziumda səfir Ş.Abdullayev, Ayn-Şəms Universitetinin professoru Safsafi Əhməd Əl-Quturi, Universitetinin şərq dilləri kafedrasının müdiri Ramilə Ğələm, Universitetin professoru, azərbaycanşünas alim Əhməd Sami, Misirdə Azərbaycan icmasının üzvü və gənc elmi tədqiqatçı Seymur Nəsirov çıxış ediblər. Tədbir zamanı ərəb dilində hazırlanmış Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişaf səviyyəsi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və yaradıcılığı, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasir inkişafı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən film də nümayiş etdirilib. Səfir Ş.Abdullayev universitetin müəllim tələbə kollektivinə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyat və incəsənəti, neft tarixi, 20 illik müstəqillik dövründə respublikamızın əldə etdiyi nailiyyətlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun törətdiyi fəsadlar, Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolu və Azərbaycan-Misir əlaqələri barəsində ətraflı məlumat verib və auditoriyanın suallarını cavablandırıb. Azərbaycanı “odlar və nur diyarı” adlandıran Safsafi Əhməd Əl-Quturi Azərbaycan xalqının tarixi təşəkkülü, Azərbaycan ədəbiyyatı və xüsusilə Nizami Gəncəvinin həyat və yaradıcılığı, İslam və bəşər sivilizasiyasının inkişafına verdiyi töhfələri və Azərbaycan-Misir əlaqələrinin tarixi kökləri barəsində danışıb. Azərbaycanşünas alim Əhməd Safsafi Azərbaycan ilə Misir və ərəb dünyası arasında olan tarixi-mədəni əlaqələr barəsində məlumat verərək, Azərbaycanda ərəb dilinin, Misirdə isə Azərbaycan dilinin inkişafı haqqında danışıb və Ayn-Şəms Universitetinin Ədəbiyyat fakültəsində tədris olunan Azərbaycan dili fənninə artan marağı və artıq 120 nəfər tələbənin Azərbaycan dilini öyrəndiyini qeyd edərək, mədəniyyət sahəsində və iki ölkənin insanları arasında əlaqələrin daha da inkişaf etdirilməsinə olan zərurəti qeyd edib. Misirdə yaşayan Azərbaycan icmasının nümayəndəsi və gənc elmi tədqiqatçı Seymur Nəsirov ərəb tarixi mənbələri və elmi araşdırmaları əsasında həyat və yaradıcılığını tədqiq etdiyi Azərbaycan ədibləri və alimləri, erkən orta əsr ərəb alimlərinin Azərbaycan haqqında söylədikləri fikirlər və Azərbaycan ilə Misir və ərəb dünyası arasında olan mədəni-elmi əlaqələr haqqında iştirakçılara məlumat verib. Tədbir çərçivəsində Seymur Nəsirovun müəllifi olduğu və AR-ın Misirdəki səfirliyinin dəstəyi ilə ərəb dilində yeni çapdan çıxmış “Azərbaycan ərəb və Misir tarixi mənbələrində” adlı kitabın təqdimatı keçirilib. Təqdim olunan bu kitab tədbirdə iştirak edən misirli müəllim və tələbələr tərəfindən xüsusi maraqla qarşılanıb. Tədbirin sonunda Ayn Şəms Universitetində Azərbaycan dilindən tədris alan tələbələr Azərbaycanın dövlət himnini və Azərbaycan şairləri B.Vahabzadə və M.Şəhriyarın şerlərindən parçalar oxuyublar.