Sultan Mahmud Qəznəvi Abbasi xəlifəsi Qadir-billaha məktub göndərib, onun üzərinə qoşun yeridəcəyi ilə hədələyir.

Sultan yazırdı ki, Bağdadın torpağını fillərin belində Qəznəyə daşıyacaq. Xəlifənin göndərdiyi cavab məktubunda üç hərf yazılmışdı: «Əlif-lam-mim». Sultanın saray əyanları bunun açması üzərində uzun-uzadı düşünsələr də, bir nəticəyə gələ bilmədilər. Nəhayət, alimlərdən biri dedi: «Xəlifə Qurani-kərimin «Fil» surəsindəki bu ayəyə işarə edib: «Ələm tərə keyfə fəələ rəbbükə bi-əshab-il-fil» - «Məgər Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?». Sultan bu cavabdan təsirlənib, Bağdad üzərinə yürümək fikrindən əl çəkir.
Şeyx Mühəmməd Həsən Nəcəfi İsfahani «Cəvahirül-kəlam» kitabını yazmağa ömrünün 30 ilini həsr etmişdi. Deyirlər ki, Şeyx bütün işlərini kənara qoyub, ancaq kitab üzərində işləyirmiş. Şeyxin oğlu ağır xəstələnir. Gəlib ona xəbər verirlər ki, oğlunuz can verir. Şeyx bir neçə dəqiqəlik yazıdan ayrılıb, oğlunun görüşünə gedir, tez qayıdıb yenə işinə davam edir. Bir müddət sonra xəbər gətirirlər ki, oğlunuz rəhmətə getdi. Şeyx cavab verir: «Qüsl-kəfən edin, sonra məni çağırın ki, gəlib cənazə namazını qılım».