Milli Məclisin bugünki iclasında deputatlar "Təhsil haqqında" qanun layihəsini müzakirə ediblər. Milli Məclisin sədri Oqtay Əsədov hicabla bağlı məsələyə münasibət bildirərkən deyib ki, hicabın qadağan olunmasını qanuna daxil etmək lazım deyil.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev hicaba aid bəndlə bağlı əks mövqe nümayiş etdirib. Onun sözlərinə görə, hicaba qoyulan qadağanı qanunda saxlamaq lazımdır. Q.Həsənquliyev onu da bildirib ki, bu bəndin qanun layihəsindən çıxarılması təkliflərinə Pakistanın keçmiş baş naziri Benəzir Bhuttonun qətli təsir edib.
İclasda deputatlar səs çoxluğu ilə "Təhsil haqqında" qanun layihəsini birinci oxunuşda qəbul ediblər. 105 deputat layihənin lehinə, 7 nəfər əleyhinə səs verib. Bir deputat səs verməkdən imtina edib.