Bakının Nərimanov rayon məhkəməsində “Hicaba azadlıq” aksiyasında təqsirləndirilən şəxs qismində saxlanılmış Çingiz Novruzov, Taleh Ələkbərov, Toğrul İsgəndərov və Məmməd Əskərovun məhkəmə prosesi başa çatıb.
SalamNews-un məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Çingiz Novruzov və Taleh Əkbərov 1 il 6 ay, Toğrul İsgəndərovla Məmməd Əsgərov isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, “Hicaba Azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiyada həbs olunanlar Cinayət Məcəlləsinin 221.2.2 və 221.3. maddələri ilə ittiham olunurlar.
Həbs olunanlardan bəziləri, oktyabrın 7-də Araz İsmayılov 2 il, Rüfət Nuriyev və Nurani Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rövşən Məmmədov və Əlvan Hüseynov isə 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilərək məhkəmə zalından azadlığa buraxılıblar.