Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçirilən Qlobal Polis Simpoziumunda iştirak edir.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, simpozium Abu Dabi Polisi və Los Anceles Əyaləti Şerifinin Departamentinin birgə təşkilatçılığı ilə keçirilir. Simpoziumun keçirilməsində əsas məqsəd cinayətlərlə mübarizə, sabitliyə nail olunması və bu sahədə qanunların icra olunmasının təmin edilməsi üçün ölkələrin hüquq mühafizə orqanları əməkdaşlarının səylərinin birləşdirilməsi, o cümlədən baş verə biləcək irimiqyaslı fövqəladə hallara qarşı yerli və beynəlxalq səviyyədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məsələlərinin müzakirə edilməsidir.
Müxtəlif ölkələrin aidiyyəti dövlət orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi simpoziumda fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış edib. Nazir son illər Azərbaycanın yerli və beynəlxalq səviyyədə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində həyata keçirdiyi tədbirlər barədə simpozium iştirakçılarına məlumat verib, fəlakətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın rolundan danışıb.