Əli Həsənov: “Azərbaycan heç zaman kənardan ölkə həyatına süni şəkildə demokratiya və dini təriqətlərin idxal olunmasına yol verməyəcək”
Prezident Administrasiyasının şöbə müdiri İran kütləvi informasiya vasitələrinin antiazərbaycan təbliğatının dayandırılmasının zəruriliyini vurğulayıb
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub. APA-nın “Azərtac”a istinadın verdiyi xəbərə görə, nümayəndə heyəti İranda bir sıra görüşlər keçirərək, iki ölkə arasındakı informasiya mübadiləsi ilə bağlı məsələləri müzakirə edib.
İranın milli televiziya şəbəkələri ilə tanış olan nümayəndə heyəti daha sonra Milli Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərqami ilə görüşüb.
Görüşdə iki ölkə arasında informasiya məkanında və teleradio sahəsindəki vəziyyət müzakirə olunub. Azərbaycan və İranın informasiya siyasəti, bölgənin teleradio məkanındakı imkanları və sərhədətrafı yayım siyasəti, iki ölkə arasında mətbuat-informasiya sahəsində real vəziyyət, xüsusən də son dövrdə iki ölkənin real vəziyyətini təhrif edən ayrı-ayrı kütləvi informasiya vasitələrinin fəaliyyəti müzakirə edilib və müvafiq razılıq əldə olunub.
Əli Həsənov Azərbaycanda söz və mətbuat azadlığından, teleradio məkanındakı ən yeni nailiyyətlərdən, informasiya texnologiyalarının müasirləşdirilməsi istiqamətində görülən və görüləcək işlərdən danışıb.
Tərəflər “Azərbaycan-İran münasibətlərini pozmaqda maraqlı olan bəzi daxili və xarici qüvvələrin informasiya məkanından məharətlə istifadə etdiklərini” diqqətə çatdıraraq, qarşılıqlı antitəbliğat kampaniyasının ölkələrin milli və dövlətçilik maraqlarını əks etdirmədiyini bildiriblər.
Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə təsir edən məsələlərlə bağlı fikirlərini davam etdirən Ə. Həsənov İran kütləvi informasiya vasitələrinin antiazərbaycan təbliğatının dayandırılmasının zəruriliyini vurğulayıb. O deyib ki, informasiya məkanında hər iki ölkə bir-birinə hörmətlə yanaşmalıdır.
Ə. Həsənov qeyd edib ki, eyni məzmunlu tələbləri İranın da Azərbaycandan ummağa mənəvi haqqı var: “ Azərbaycanın və İranın tarixi taleyi tələb edir ki, onlar mehriban qonşuluq və səmimi dostluq şəraitində yaşasınlar. Bunun üçün hər iki tərəf bir-birinin ictimai-siyasi həyatına, daxili işinə və idarəçiliyinə hörmətlə yanaşmalıdır. Azərbaycan Respublikası hüquqi və dünyəvi dövlətdir. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik inkişaf yolunu şüurlu olaraq seçibdir və özünün işıqlı gələcəyinin təmin edilməsi üçün bu yolu bundan sonra da davam etdirmək əzmindədir. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan insan hüquqlarının qorunmasına, azad sözün və mətbuatın inkişafına, eləcə də dini etiqad azadlığına hörmətlə yanaşır və bunların hər birinə təminat verir. Lakin Azərbaycan heç zaman kənardan ölkə həyatına süni şəkildə demokratiya və dini təriqətlərin idxal olunmasına yol verməyəcək”.
İ. Zərqami Azərbaycan və İranın informasiya məkanlarında qarşılıqlı maraqlara uyğun sağlam mühitin formalaşması ilə bağlı Əli Həsənovun bütün fikir və mülahizələri ilə tam razı olduğunu bildirib: “İstənilən cəmiyyətdə sağlam mühitin yaranması üçün, ilk növbədə sağlam informasiya məkanının qurulması zəruridir. Eləcə də, qarşılıqlı münasibətlərdəki səmimiliyin və dostluğun vacib göstəricilərindən biri də sağlam informasiya mühitinin mövcudluğudur”.
Azərbaycana və İrana aid informasiya məkanında tam sağlam mühitin formalaşması üçün geniş imkanların mövcudluğundan söhbət açan İ. Zərqami qeyd edib ki, bu sahədə hərtərəfli, qarşılıqlı və səmərəli əməkdaşlıq əlaqələrinin yaranması vacibdir.
Görüşlərdə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov və Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov müzakirə olunan məsələlərlə bağlı mülahizələrini söyləyib, təkliflər veriblər.