Ayətullah seyid Əli Hüseyni Xamneyi, bütün dünya müsəlmanlarını birləşməyə və din düşmənlərinə qarşı əməkdaşlığa çağırıb
İran İslam Respublikasının Ali dini rəhbəri Ayətullah seyid Əli Hüseyni Xamneyi, Həcc mərasimi ilə əlaqədar dünya müsəlmanlarına müraciət edib. İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Xamneyi, "Allahın evini, dostun qonaq evini ziyarətə gələnlərə və onun dəvətini qəbul edənlərə, salam olsun ...! Allahı yad etməkdən təravətlənən və onun əsirgənməz feyzi və rəhməti üzünə açılan qəlblərə xüsusi salam olsun!" – sözləri ilə başladığı müraciətdə dünya müsəlmanlarını güclərini birləşməyə və İslam düşmənləri qarşısında əməkdaşlığa çağırıb.
"Bütün müsəlman xalqlar və onlardan öndə olan siyasətçilər, din üzrə alimlər, ziyalılar və ölkələrin milli liderləri, təcavüzkar düşmənin qarşısında möhkəm və sarsılmaz olan birləşmiş və vahid bir İslam cəbhəsi yaratmalıdırlar. Bütün elementlər özündə güc toplamalı və İslam ümmətini düzgün bir şəkildə iqtidarlı etməlidirlər" – deyə dini rəhbər bildirib.
Bundan başqa o, müsəlman millətlər və fərqli məzhəblər arasındakı ayrı seçkiliyin aradan qaldırılmasını da istəyib və bunun İslam ümməti üçün təhlükəli xəstəlik olduğunu vurğulayıb.