Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu qurumun və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli din xadimi, QMİ-nin VIII şeyxülislamı axund Ağa Cavad oğlu Əlizadənin 140 illiyinə həsr olunmuş “Cümhuriyyətin və sovet dövrünün şeyxülislamı” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
APA-nın məlumatına görə, konfransın əvvəlində “Qurani-Kərim”dən surələr oxunub. Daha sonra QMİ-nin VIII şeyxülislamı, axund Ağa Cavad oğlu Əlizadənin 1944-cü il mayın 25-də “Təzəpir” məscidində Zaqafqaziya Müsəlmanlarının I Qurultayının açılışındakı çıxışından bir hissə nümayiş etdirilib.
AMEA-nın prezidenti Mahmud Kərimov tədbiri açaraq Ağa Cavad oğlu Əlizadənin ömür yolu və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, QMİ-nin VIII şeyxülislamının nəvəsi AMEA-nın vitse-prezidenti Akif Əlizadə geologiya elmi sahəsində tanınmış alimlərdəndir.
QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Ağa Cavad oğlu Əlizadənin fəaliyyətini yüksək dəyərləndirib. Konfransda QMİ Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev, şeyxülislamın nəvəsi, AMEA-nın vitse-prezidenti Akif Əlizadə və başqaları çıxış ediblər.
Tədbirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov, ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadə, millət vəkilləri Fəttah Heydərov, Rəbiyyət Aslanova, Əhliman Əmiraslanov və başqaları qatılıb.
Qeyd edək ki, QMİ-nin VIII şeyxülislamı, axund Ağa Cavad oğlu Əlizadə 1954-cü ildə 83 yaşında vəfat edib.