Bu gün Tehran şəhərinin müvəqqəti imamcüməsi ayətullah Əhməd Xatəmi cümə namazında Böyük Britaniyanın əleyhinə çıxış edib
APA-nın məlumatına görə, o, ölkə parlamentinin Britaniya ilə bağlı çıxardığı qərarı da dəstəkləyib: “İngilislər yüz ildən çoxdur İslam ölkəsinə xəyanət edirlər. Əgər xəyanətlərini saysaq, şeir divanından çox olar. Qacarlar dövründən alimlər, ruhanilər bunların qarşısını alıb, yenə də alacaqlar. “Gülüstan” və “Türkmənçay” müqavilələrinin baiskarı da ingilislərdir. Amma 1979-cu il İslam inqilabından sonra onların işlərimizə müdaxiləsinə yol verilməyib”.
Tehran şəhərinin müvəqqəti imamcüməsi 2009-cu il prezident seçkiləri ilə bağlı iğtişaşları da Böyük Britaniyanın törətdiyini vurğulayıb. Ə. Xatəmi deyib ki, İran Mərkəzi Bankına sanksiyaların tətbiq edilməsi ölkə iqtisadiyyatına heç bir təsir göstərməyəcək: “Bundan sonra İran xalqı “Amerikaya ölüm!” şüarıyla bərabər, “Böyük Britaniyaya ölüm!” şüarı da səsləndirsin”.
O, BMT-yə də xəbərdarlıq edib: “BMT Təhlükəsizlik Şurası Böyük Britaniyanın oyunlarına alət olub, özünü rüsvay etməsin”.