Bu gün Avropa İttifaqına üzv olan 27 ölkənin xarici işlər nazirlərinin Brusseldə keçiriləcək sammitində əsas mövzulardan biri İranda baş verən son hadisələr olacaq.
APA-nın məlumatına görə, ehtimal olunur ki, İrana əlavə sanksiyaların tətbiq olunacağı barədə razılaşma əldə olunacaq. İlkin məlumatlara əsasən, sanksiyalar İranın dövlət məmurlarına qarşı, neft sənayesi və bank sektoruna tətbiq ediləcək.
Öz növbəsində Yaponiya hökuməti də İrana qarşı yeni sanksiyaların tətbiq olunmasını nəzərdən keçirir. Yaponiyanın XİN rəhbəri Koitiro Qemba bildirib ki, sanksiyalar İranın öz ərazisində xarici diplomatların və əmlakının təhlükəsizliyi təmin etmədiyinə görə tətbiq oluna bilər. Yaponiya noyabrın 29-da Britaniyanın Tehrandakı səfirliyinə edilən hücumu qəti şəkildə pisləyib. Qemba deyib ki, sanksiyalar barədə yekun qərar Yaponiyanın Avropa tərəfdaşları ilə məsləhətləşmələrindən sonra qəbul olunacaq.