Abbasi xəlifəsi Mənsur Bağdad şəhərini inşa etdirməyə başlayanda, münəccimlər ona yeni şəhərin mübarək və uğurlu olacağını demişdilər.

Münəccimlərin verdiyi xəbərə görə, heç bir xəlifə bu şəhərdə vəfat etməyəcəkdi. Beləliklə, xəlifələr Bağdadda olduqları müddətdə əcəldən amanda idilər. Təsadüf, yoxsa qanunauyğunluq olması bilinməyən səbəblər üzündən, həqiqətən, Bağdad divarları daxilində heç bir Abbasi xəlifəsi vəfat etməmişdir. Mənsurun özü həcc səfəri zamanı dünyasını dəyişdi.
Ondan sonrakı xəlifələr Mehdi, Hadi, Harun ər-Rəşid, Əmin və Mə’mun ya Bağdaddan çox-çox uzaqlarda, ya da şəhərin kənarında vəfat etdilər. Bundan sonra xilafət mərkəzi Samirəyə köçürüldü və bir neçə xəlifə (Mü’təsim, Vasiq, Mütəvəkkil və b.) orada həyatla vidalaşdılar. Mü’təmidin hakimiyyətinin sonlarında (hicri 276/miladi 889-890) paytaxt yenidən Bağdada qaytarılanda isə, artıq xəlifələr şəhərin şərq kənarına köçdülər.