Vatikanda Azərbaycanın müstəqilliyinin bərpasına həsr olunmuş təntənəli mərasim keçirilib
Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edib
Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Vatikandakı səfirliyinin dəstəyi ilə noyabrın 29-da Vatikanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. APA-nın “AzerTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib.
Mərasimdən əvvəl M. Əliyeva Vatikanın mədəniyyət naziri, kardinal Can-Franko Ravazi ilə görüşüb.
Vatikanın mədəniyyət naziri bu görüşü Azərbaycana səfərinin davamı adlandırıb, Heydər Əliyev Fondu ilə tanışlığını xatırladıb. Kardinal Azərbaycanın Vatikandakı Apostol kitabxanasında həyata keçirdiyi layihənin əhəmiyyətini vurğulayaraq deyib ki, bu zəhmətli iş nəticəsində Azərbaycan haqqında 40 monoskriptdən 15-i bərpa olunub.
M. Əliyeva Azərbaycanla Vatikan arasında formalaşmış sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Heydər Əliyev Fondunun prezidenti həyata keçirilmiş birgə layihələrdə Vatikanın rolunu yüksək qiymətləndirib, bu münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
Görüşdən sonra Azərbaycanın birinci xanımı və Vatikanın mədəniyyət naziri qədim və müasir Bakının, habelə mədəniyyət abidələrinin əks olunduğu fotolara və videoçarxlara baxıb, sərgilərlə tanış olublar. Qədim misgərlik nümunələrinin, musiqi alətlərinin də nümayiş olunduğu sərgi, Azərbaycanın zəngin mədəni irsinin əyani sübutu kimi böyük maraq doğurub.
Azərbaycan xalçaçılıq məktəblərinin incilərinin nümayiş olunduğu sərgidə kardinala burada toplanmış əsərlər barədə məlumat verilib. Azərbaycan xalçaçılıq sənəti nümunələrinin, həmçinin Qarabağ xalçalarının nümayiş olunduğu sərgi də qonaqlarda zəngin təəssürat yaradıb.
Qonaqlar digər sərgi - iki ildir ki, keçirilən “Qız qalası” festivalında təqdim edilən əsərlərlə də tanış olublar. Bu əsərlərdə dünyanın müxtəlif ölkələrindən olan rəssamların Bakının rəmzi sayılan Qız qalası ilə bağlı düşüncə və duyğuları əks olunub. Əsərlərin arasında italyan rəssamı Alberto Lorronun “Qız qalası” da maraqla qarşılanıb.
Azərbaycanın birinci xanımı Apostol kitabxanasında mühafizə olunan və azərbaycanlı alimlərin də iştirakı ilə bərpa edilən monoskriptlərə baxıb.
Sərgi çərçivəsində Heydər Əliyev Fondunun müxtəlif layihələrini əks etdirən kitab, buklet və digər nəşrlərlə yanaşı, “Azərbaycan” nəşrinin italyan dilində versiyasının da təqdimatı olub. Ölkənin tarixi, mədəniyyəti, paytaxtı da daxil olmaqla regionları haqqında ətraflı məlumatın toplandığı nəşrdə mindən çox fotoşəkil sərgiyə gələnlərdə böyük maraq oyadıb. Sərgilərlə tanışlıqdan sonra təntənəli mərasim keçirilib. Aparıcı tədbirin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, İtaliya indiyədək çox da yaxşı tanımadığı bir ölkəni özü üçün kəşf etmək şansı qazanıb. Azərbaycanın Vatikanla əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən aparıcı Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşmış belə möhtəşəm tədbirin İtaliyada ilk dəfə keçirildiyini də diqqətə çatdırıb.
Mərasimdə çıxış edən Vatikanın mədəniyyət naziri Azərbaycanı mədəniyyətlərarası dialoqa böyük önəm verən ölkə adlandırıb. Kardinal vurğulayıb ki, Azərbaycandakı katolik icmasının üzvləri sayca az olsalar da, onlar üçün yüksək şərait yaradılıb.
Azərbaycanda sözün əsl mənasında tolerantlıq hökm sürdüyünün canlı şahidi olduğunu deyən kardinal Azərbaycana böyük hörmət bəslədiyini də diqqətə çatdırıb. O, Heydər Əliyev Fondu ilə Vatikan arasında yaranan əməkdaşlığın faydalı olduğunu diqqətə çatdırıb. Kardinal Mehriban Əliyevanın Azərbaycanın mədəniyyətinin təbliğindəki xidmətini yüksək qiymətləndirib.
Mərasimdə çıxış edən M. Əliyeva tədbirin əhəmiyyətini qeyd edib, Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərdən birinin məhz Vatikanda baş tutmasını sevindirici hal adlandırıb.
Ötən 20 il ərzində Azərbaycanın həyatında baş vermiş nailiyyətlərdən söhbət açan M. Əliyeva ölkənin ən böyük problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarına məlumat verib. M. Əliyeva bildirib ki, bu münaqişə nəticəsində 1 milyondan çox vətəndaşımız yurd-yuvasından didərgin düşüb, Qarabağda yerləşən tarixi və mədəni abidələr yer üzündən silinib. Bütün bunlara baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə və beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıdır.
Azərbaycanın iqtisadi və siyasi nüfuzunun artığını diqqətə çatdıran M. Əliyeva ölkənin regionda həyata keçirilən irimiqyaslı layihələrin ən fəal təşəbbüsçüsü və iştirakçısı olduğunu vurğulayıb: “Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan bu gün dünya xəritəsində öz yerini təsdiqləyib və sürətlə inkişaf edən bir dövlətdir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi bu gün Azərbaycanın payına düşür və regiondakı bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı, çox zaman isə təşəbbüsü ilə həyata keçirilir. Ölkədə sosial problemlər ardıcıl olaraq həllini tapır. Təkcə onu demək kifayətdir ki, son 8 il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enib, ölkədə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb inşa olunub və yenidən qurulub. Sabit inkişaf edən iqtisadiyyatımız bizə həqiqətən müstəqil xarici siyasət yürütməyə imkan verir və bu gün Azərbaycan beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dünya miqyaslı proseslərdə fəal iştirak edir. Dünyanın aparıcı ölkələri Azərbaycanı strateji tərəfdaş kimi tanıyır”.
Sonra xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan və dünya musiqisindən seçmələr dinlənilib. Konsertdən sonra qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.