Almaniyanın xarici işlər naziri Qudo Vestervelle ölkəsinin Tehrandakı səfirini Britaniya diplomatik missiyasına edilən hücumla bağlı məsləhətləşmələr aparmaq üçün geri çağırıb.
APA-nın verdiyi xəbərə görə, bir qədər əvvəl Vestervelle Almaniyada İranın səfiri ilə görüşərək bildirib ki, diplomatik missiyaya hücum beynəlxalq normaların son dərəcə kobud pozulmasıdır. Almaniya Britaniyanın Tehrandakı səfirliyinə hücumu qəti şəkildə pisləyib.
Xatırladaq ki, Böyük Britaniya hökuməti İranın Londondakı səfirliyinin əməkdaşlarından dərhal ölkəni tərk etmələrini tələb edib.
Britaniya Xarici işlər naziri Vilyam Heyq bildirib ki, iranlı diplomatlar 48 saat ərzində İngiltərəni tərk etməlidirlər.
Nazir İrandakı bütün britaniyalı diplomatların artıq bu ölkəni tərk etdiklərini söyləyib.