“Azərbaycanla İran arasında əlaqələr yaxşı səviyyədədir və İran bu əlaqələri daha da genişləndirmək əzmindədir”.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Tehranda keçirdiyi görüş zamanı deyib. O bildirib ki, Azərbaycan və İran ortaq maraqlara malikdirlər və qarşılıqlı təmaslar əlaqələri daha da dərinləşdirmək üçün bir fürsətdir. Azərbaycan rəhbərliyinin salamlarını İran tərəfinə çatdıran Xələf Xələfov isə bəyan edib ki, İranla əməkdaşlıq Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biridir. O ümid etdiyini bildirib ki, ikitərəfli əməkdaşlıq iki ölkə xalqlarının maraqlarına xidmət edəcək.
Qeyd edək ki, İran paytaxtında Azərbaycan, Türkiyə və İran rəsmi nümayəndələri arasında iqtisadi məsələlərə dair üçtərəfli görüş keçirilib.