İran şahı Fəthəli şah Qacar «Xaqan» təxəllüsü ilə şer yazır, ədəbi cəhətdən aşağı səviyyədə olan şerlərini saray əyanlarına da oxuyub, onların münasibətini soruşurdu.

Lakin yaltaq əyanlar hökmdara etiraz etməkdən qorxub, daim onu tərifləyirdilər. Bir gün şah növbəti qəzəlini saray şairi Məlik-üş-şüəra Səba üçün oxuyub, onun fikrini öyrənmək istəyir. Şair tam qətiyyətlə bildirir ki, şahın yazdığı qəzəl mənasız söz yığınıdır. Fəthəli şah qəzəblnib əmr verir ki, Məlik-üş-şüəranı tövləyə aparıb, heyvanların yanında axura bağlasınlar.
Hökmdarın əmri yerinə yetirilir.
Şair bir neçə gün tövlədə qaldıqdan sonra şah onu əfv edir. Günlərin birində Məlik-üş-şüəra yenə Fəthəli şahın hüzurunda olanda, hökmdar daha bir şerini ona oxuyub rəyini soruşur. Şair heç bir cavab vermədən yerindən qalxıb, qapıya yönəlir. Fəthəli şah soruşur: «Məlik-üş-şüəra, hara gedirsən?». Şair cavab verir: «Qibleyi-aləm sağ olsun, tövləyə!».
Şah şairin cavabından məsələnin nə yerdə olduğunu başa düşür və bir daha onun yanında öz cəfəng şerlərini oxumur.
Müaviyyənin simicliyi tarixdə məşhurdur. Bir gün bir bədəvi ərəb ona qonaq gəlir. Yemək vaxtı çatanda Müaviyyə süfrə açdırmağa məcbur olur. Yeməyə qızardılmış qoyun əti gətirirlər. Qonaq iştaha ilə əti parçalayıb yeməyə başlayır. Müaviyyə simiclikdən qovrularaq deyir: «Təsadüfən, bu qoyunun atası səni buynuzlamayıb? Yazığın bədənini elə iştaha ilə şaqqalayıb yeyirsən ki, elə bil düşmənindir».
Bədəvi özünü sındırmayıb belə cavab verir: «Sənin niyə bu qoyuna belə ürəyin yanır? Olmaya, uşaq olanda anasından süd əmmisən, buna görə özünü onun süd qardaşı sayırsan?».
Teymurləngin fəthlərindən bəhs edən “Mənəm Teymuri-cahangüşa” kitabında yazılıb ki, o, Xorasanda hakim olan Sərbedaranlar dövlətini məhv edib, Səbzəvar şəhərini tutduqdan sonra əmr verir ki, hər on kəsilmiş «rafizi» (şiə) başı gətirən əsgərə bir dinar mükafat versinlər. Fürsəti əldən buraxmayan əsgərlər 150 min baş gətirərək, 15 min dinar mükafat alırlar. Teymur əmr verir ki, şəhərin kənarında şiə başlarından ehram (piramida) düzəltsinlər. Şahidlərin yazdığına görə, ehramın hündürlüyü 30 metrdən artıq imiş!