Danni Ayalon: “Azərbaycanla əlaqələrimizi poza bilmərik”
İsrail Knesseti “erməni soyqırımı”nı tanımayacaq. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bunu İsrail xarici işlər nazirinin müavini Danni Ayalon (Danny Ayalon) bildirib. “Knessetin soyqırımı tanımaq şansı yoxdur. Azərbaycanla əlaqələrimizi poza bilmərik. Azərbaycan islam dünyasındakı strateji tərəfdaşımızdır. Yüz il öncə olan hadisələr üçün bu münasibətlərimizi poza bilmərik”, - deyə nazir müavini vurğulayıb.
D. Ayalon qeyd edib ki, İsrail hökuməti populist qərarlara qarşıdır və bu kimi davranışları qəbul etmir.
Qeyd edək ki, Knessetin Təhsil, Mədəniyyət və İdman Komitəsi dekabr ayının əvvəllərində saxta və uydurma “erməni soyqırımı” məsələsini gündəmə çıxarmağı planlaşdırır. Knessetdə təmsil olunan “Likud” Partiyasının üzvləri bu məsələnin gündəmə çıxarılmasında maraqlı olsalar da, “Evimiz İsrail” Partiyasının üzvləri buna qarşı çıxır, soyqırım məsələsinin gündəliyə salınmasının İsrail-Azərbaycan əməkdaşlığına ciddi zərbə vuracağını bəyan edirlər.