Küveyt hökuməti tam heyətdə istefa verib. Bu barədə APA Reuters-ə istinadən məlumat verir.
Əmir şeyx Sabah əl-Əhməd əs-Sabah artıq hökumətin istefasını qəbul edib.
Bu hadisə ictimaiyyətin təzyiqi nəticəsində baş verib. Paytaxt Əl-Küveytdə on min nəfərlik mitinqin iştirakçıları baş nazir şeyx Nasir Məhəmməd əl-Əhməd əs-Sabahın istefasını tələb ediblər. Nümayişçilər baş naziri korrupsiyada ittiham edirlər. Baş nazir dövlətə aid milyonlarla dollar vəsaiti şəxsi hesabına keçirməkdə ittiham olunur. Həmçinin onu parlamentin 15 deputatına rüşvət verməkdə günahlandırırlar.