Ermənistan prezidenti Serj Sərkisyan MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda keçirilən iclasında iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni və Bütün Ermənilərin Katolikosu İkinci Qaregini qəbul edib. Bu barədə APA armtoday.info-ya istinadən məlumat verir.
Görüş zamanı Ermənistan prezidenti bütün dünyada dinlərarası razılığın rolunu yüksək qiymətləndirib, bölgədə tolerantlıq atmosferinin formalaşmasının vacibliyini qeyd edib və dini liderlərin bu işdə böyük rolunun ola biləcəyinə əminliyini vurğulayıb. Serj Sərkisyan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin və Bütün Ermənilərin Katolikosu İkinci Qareginin münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş səylərini alqışlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, sülhə doğru aparan istənilən yol dini xadimləri sevindirir. O əmin olduğunu bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin səyləri nəticəsində problemi həll etmək mümkün olacaq. A.Paşazadə iki ölkənin dini liderlərinin buna yardım göstərməyə hazır olduqlarını bildirib. O vurğulayıb ki, indiyədək keçirdiyi görüşlərdə dəfələrlə müharibənin məsələnin həlli ola bilməyəcəyini bildirib.