Dünən "Hicaba azadlıq!" aksiyası ilə bağlı həbs edilən ilahiyyatçı Hacı Tale Bağırov və Elşən Abbasovun məhkəmə prosesi təxirə salınıb.
SalamNews-un məlumatına görə, buna səbəb Nərimanov rayon məhkəməsindəki prosesdə şahidlərin iştirak etməməsi olub. Hakim Turqay Hüseynov məhbusların razılığı ilə növbəti məhkəmə prosesini dekabrın 2-də saat 11:00-dək təxirə salıb.
Xatırladaq ki, “Hicab Azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur.
T.Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur. Sonra Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə yeni ittiham əlavə olunub (5 ilə qədər həbs). Həbs edildikdən sonra Hacı Tale barəsində əvvəlcə 15 sutka, daha sonra isə 2 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı təcridxanasına göndərilib.