İrəvanda MDB Dinlərarası Şurası Rəyasət Heyətinin toplantısında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə bu gün baxılacaq.
Bunu SalamNews-a QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Onun sözlərinə görə, Ermənistandan Şeyxülislam Hacı Allahşükür Paşazadənin MDB Dinlərarası Şurası Rəyasət Heyətinin toplantısında iştirak etməsi üçün dəvət və müzakirə olunacaq məsələlərə dair sənədlər göndərilib. Bu məsələyə bu gün baxılacaq və əgər sənədlərdə Azərbaycanın maraqlarına uyğun olmayan hər hansı şərt yazılarsa, QMİ sədri Ermənistana getməyəcək.
Bildirək ki, cari ilin noyabrın 28-29-da İrəvanda MDB Dinlərarası Şurası Rəyasət Heyətinin toplantısı keçiriləcək. Toplantıya ənənəvi dinlərin (islam, xristian, iudaizm, buddizm) liderləri və nümayəndələri qatılacaq. Görüşdə Moskva və bütün rusların patriarxı Kiril və bütün ermənilərin katolikosu II Qaregin də iştirak edəcək.
Xatırladaq ki, ötən il aprelin 25-27-də Bakıda MDB-nin dini liderlərinin və həmçinin dünya dini liderlərinin sammiti keçirilib. Bütün ermənilərin katolikosu II Qareginin aprelin 26-27-də Bakıda keçirilən dünya dini liderlərinin sammitində iştirak edib.