Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayından sonra mollaların attestasiyasını aparacaq. Bu barədə SalamNews-a Attestasiya Komissiyanın sədri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bildirib.
Onun sözlərinə görə, əvvəlcə attestasiyanın Azərbaycanın Səlyan, Neftçala, Sabirabad və İmişli rayonlarında keçirilməsi nəzərdə tutulur.
Bildirək ki, indiyədək QMİ mollaların attestasiya prossesini Azərbaycanın cənub bölgəsində və Naxçıvan Muxtar Respublikasında aparıb. Ümumilikdə cənub bölgəsində keçirilən attestasiyada 135 ruhani iştirak etsə də, yalnız 56 ruhaniyə status verilib. Biləsuvarda 7, Cəlilabadda 20 nəfərə dini ayinlərin icraçısı, Masallıda 1 nəfərə axund, 12 nəfərə dini ayinlərin icraçısı, Lənkəranda 5 nəfərə axund, 7 nəfərə dini ayinlərin icraçısı, Astarada 1 nəfərə imam, 2 nəfərə dini ayinlərin icraçısı, Lerikdə isə 1 nəfərə axund vəsiqəsi təqdim olunub.
Naxçıvanda 77 nəfərin attestasiyadan keçirilməsi nəzərdə tutulsa da, 30 nəfəri attestasiyadan keçib. Onlardan 6-sı qeyri-məqbul hesab olunub, 24-ü isə attestasiyadan uğurla keçiblər. Mollaların 11-i imami-cəmaət və dini ayinlərin, 13-ü isə yalnız dini ayinlərin icraçısı kimi attestasiya verilib”.
Komissiyadan attestasiyadan keçməyənlərin bəzilərinə 3, bəzilərinə isə 6 ay möhlət verilib.