Padşah ova gedərkən yolda təkgöz bir kişi ilə rastlaşır.

Bu görüşü pis əlamət kimi yozub əmr verir ki, kişini tutub həbsxanaya salsınlar. Amma həmin gün padşahın ovu uğurlu olur, bol qənimət əldə edir. Saraya qayıdan kimi əmr verir ki, həbsdəki kişini hüzuruna gətirsinlər. Təkgöz danışmağa izn aldıqdan sonra deyir: «Şah sağ olsun, sənin rastına mən çıxdım, ovun uğurlu oldu. Mənimsə rastıma sən çıxdın, bir neçə gün həbsdə qalmalı oldum. İndi özün insafla de, hansımız bədqədəmik?». Padşah gülüb onu həbsdən azad edir, xələt verib evinə buraxır.
Abbasi xəlifələri həmişə Əhli-beyt imamlarını təhqir etməyə, onların nüfuz və hörmətini ləkələməyə çalışırdılar. Lakin hər dəfə imamlar xəlifələrlə mübahisədən alnıaçıq çıxır və onların özünü gülünc vəziyyətdə qoyurdular.
Bir gün İmam Hadi (ə) Abbasi xəlifəsi Mütəvəkkillə eyni məclisdə əyləşmişdi. Mütəvəkkil İmamın başındakı yaraşıqlı əmmaməni göstərib soruşur: «Bunu neçəyə almısan?». İmam: «500 gümüş dirhəmə», - deyə cavab verəndə, Mütəvəkkil narazılıqla söyləyir: «Başına 500 dirhəmlik əmmamə qoymaqla israf etmisən!».
Bu zaman İmam Hadi (ə) ondan soruşur: «Eşitmişəm ki, bu yaxınlarda 1000 qızıl dinar qiymətinə bir kəniz almısan. Doğrudurmu?». Mütəvəkkil bu xəbəri təsdiq edir. İmam buyurur: «Mən bədənimin ən şərəfli üzvünə (başıma) 500 gümüş dirhəm xərcləmişəm. Sən isə öz bədəninin ən eyibli üzvü (cinsiyyət üzvü) üçün 1000 dinar xərc çəkmisən. İndi de görüm, hansımız daha çox israfçıyıq?».
Mütəvəkkil dediyi sözlərdən peşman olub susur. Beləliklə, bu dəfə də İmam Hadi (ə) vəziyyətdən qalib şəkildə çıxır.
Abbasi xəlifəsi Mütəvəkkil iki oğluna – Mü’təzz və Müəyyədə dərs demələri üçün ən yaxşı alimləri saraya dəvət etmişdi. Vəliəhdlərə ərəb dili və ədəbiyyatından İbn Sikkit dərs deyirdi. Mütəvəkkil İbn Sikkitin Əhli-beytə meylli olduğunu eşitmişdi. Bunu yoxlamaq məqsədilə bir gün ondan soruşdu: «Sənin yanında mən və iki oğlum daha sevimliyik, yoxsa Əli (ə) və oğulları Həsənlə (ə) Hüseyn (ə)?».
Xəlifə bu sualı verməklə, İbn Sikkiti Əhli-beyti əksiltməyə məcbur etmək və ona mənəvi əzab vermək idi.
Lakin bu qorxmaz alim Mütəvəkkilin sualını belə cavablandırdı: «Əlinin (ə) nökəri Qənbər mənə səndən və iki oğlundan daha əzizdir!».
Bu sözlər Mütəvəkkilə elə təsir etdi ki, İbn Sikkiti dərhal qətlə yetirməyə əmr verdi. Onun göstərişi ilə alimin Əhli-beyti müdafiə edən dilini üzüb qopardılar. Mütəvəkkil İbn Sikkitin elm aləmində göstərdiyi xidmətlərə zərrəcə əhəmiyyət vermədən, onu öz kor qəzəbinin qurbanına çevirdi.