Suriyada aviabazalardan birinə silahlı hücum olub. APA-nın xəbərinə görə, Suriya Müdafiə Nazirliyinin noyabrın 25-də yaydığı məlumatda bildirilir ki, silahlı terror qrupunun hücumu nəticəsində altı pilot, bir texnik və daha üç nəfər həlak olub.
İnsident Homs və Palmira şəhərləri arasında baş verib. Lakin aviabazanın adı açıqlanmır. Məlumatda deyilir ki, silahlı basqında xarici elementlərin əli var, məqsəd Suriya Ordusunun döyüş qabiliyyətini zəiflətməkdir.
Qeyd edək ki, Suriyada Hərbi Hava Qüvvələrinin zabitləri ölkənin Silahlı Qüvvələrinin elitası sayılır. Aviabazalar isə ciddi mühafizə olunan obyektlər sırasındadır.
Xatırladaq ki, Suriyada bu ilin martında rejimin dəyişməsi tələbi ilə etiraz aksiyaları başlayıb. Nümayişçilərlə hökumət qüvvələri arasında baş verən toqquşmalarda indiyədək 3500 mülki şəxs, 1000-dən artıq polis və hərbçi həlak olub. Üsyan son günlər silahlı xarakter alıb. Yüzlərlə hərbçi ölkə rəhbərliyinin əmrini yerinə yetirməkdən imtina edərək müxalifətin tərəfinə keçib.