Bakıda Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) və Azərbaycan hökumətinin təşkilatçılığı ilə “İslam Əməkdaşlıq Təşkilatı Ölkələri – Gənc İş Adamları Şəbəkəsi”nin (İƏT GİAŞ) təsis qurultayının bağlanış mərasimi keçirilib.
APA-nın məlumatına görə, qurultayın bağlanış mərasimində iştirakçılar şəbəkənin fəaliyyət istiqamətlərini, eləcə də onun hüquqi statusunu müəyyən edən işçi sənəd və Nizamnamə qəbul ediblər. Şəbəkə İƏT ölkələrində fəaliyyət göstərən gənc iş adamları üçün birgə platforma rolunu oynamaqla, onlar arasında biznes məlumat mübadiləsi, iqtisadiyyatın inkişafına töhfə verə biləcək biznes fəaliyyətinin stimullaşdırılmasına, qlobal səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, qurultayda dünyanın müxtəlif ölkələrindən 150-yə yaxın gənc iş adamı iştirak edir. İki gün ərzində onlar “Biznes qurmanın yolları: regional və qlobal perspektivlər”, “İƏT ölkələri iqtisadiyyatının diversifikasiyasında gənclərin işçi qüvvəsi kimi rolu” və digər mövzular üzrə işçi qruplarında müzakirələr aparıblar.
Qurultayın dünən keçirilən açılış mərasimində DƏ-İKGF-nın Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə İƏT ölkələrinin işgüzar gənclərinin həvəsləndirilməsinə yönəlmiş “Dünyanı dəyişə biləcək 10 gənc müsəlman” mükafatının təqdimatı keçirilib. Mükafat biznes, incəsənət, idman və ətraf mühitin qorunması sahəsində mühüm uğurlar əldə etmiş yaşı 30-a qədər olan 10 müsəlman gəncə verilib.
Bakı qurultayının nəticələri dekabrın 3-5-də İstanbulda (Türkiyə) keçiriləcək İşgüzarlıq üzrə 2-ci Qlobal Sammiti iştirakçıları üçün təqdim olunacaq.