Xarici işlər naziri Elmar Məmmədyarov İraqın bələdiyyələr və ictimai işlər naziri, Azərbaycan hökuməti və İraq hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sədri Adil Muheydər Razi Əl-Malikini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qonaq BMT Təhlükəsizlik Şurasının 2012 – 2013-cü illər üçün müvəqqəti üzvü seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.
Azərbaycanla İraq arasında müştərək dəyərlərin olduğunu söyləyən Əl-Maliki bir sıra sahələrdə əlaqələrin inkişafına hökumətlərarası komissiyanın da töhfə verəcəyini deyib. O, bu əməkdaşlığa təkan verilməsi üçün Azərbaycanın İraqda səfirliyinin açılmasının vacib olduğunu söyləyib.
E. Məmmədyarov isə ölkələr arasında hüquq-müqavilə bazasının genişləndirilməsinin vacib olduğunu və bu bazanın inkişafının gələcəkdə iki ölkənin iş adamlarının fəaliyyətinə böyük töhfə verəcəyini bildirib. O, Azərbaycan Respublikasının İraqda səfirliyinin açılması ilə bağlı Azərbaycan Milli Məclisinin qərar qəbul etdiyini və yaxın zamanlarda səfirliyin fəaliyyətə başlayacağına ümidvar olduğunu vurğulayıb.