Bakıda Heydər Əliyev Fondu Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) və Azərbaycan hökumətinin təşkilatçılığı ilə “İslam Əməkdaşlıq Təşkilatı Ölkələri – Gənc İş Adamları Şəbəkəsinin” (İƏT GİAŞ) təsis qurultayı başlayıb.
APA-nın məlumatına görə, tədbirin açılış mərasimində DƏİKGF-nın Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva, DƏİKGF-nın baş katibi Elşad İsgəndərov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura təbrik nitqi ilə çıxış ediblər.
Mərasimdə, həmçinin İƏT-in baş katibi Ekmelledin İhsanoğlunun təbrik məktubu oxunub.
Qurultayın açılış mərasimində DƏİKGF-nın Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leylə Əliyevanın təşəbbüsü ilə İƏT ölkələrinin işgüzar gənclərinin həvəsləndirilməsinə yönəlmiş “Dünyanı dəyişə biləcək 10 gənc müsəlman” mükafatının təqdimatı keçirilib. Mükafat biznes, incəsənət, idman və ətraf mühitin qorunması sahəsində mühüm uğurlar əldə etmiş yaşı 30-a qədər olan 10 müsəlman gəncə verilib.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən 150-yə yaxın gənc iş adamı iştirak edir.
Qurultay iki gün davam edəcək.