“Dünya iqtisadiyyatı yeni çağırışlarla üz-üzədir. Bu yeni proseslər məlumatların ötürülməsinin daha da sürətləndirilməsi deməkdir. Bu proseslərdə gənclərin fəal olması çox vacibdir”.
“APA-ECONOMICS-in məlumatına görə, bunu “İslam Əməkdaşlıq Təşkilatı Ölkələri – Gənc İş Adamları Şəbəkəsi”nin (İƏT GİAŞ) təsis qurultayında çıxışında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leylə Əliyeva deyib.
L. Əliyeva bildirib ki, sahibkarlıq güclü iradə, yaradıcılıq bacarığı, sərhədlər bilmədən, məhdudiyyətlər qoymadan inkişaf etmək, müxtəlif cəmiyyətlərlə, icmalarla əlaqə deməkdir: “Uğurlu sahibkarlıq İslam Əməkdaşlıq Təşkilatı ölkələri üçün vacibdir. Qarşımızda belə bir sual dayanır: Biz İslam ölkələrinə necə kömək edək ki, müasir dünyada öz yerini tuta bilsin? Şəbəkə İslam ölkələri gənclərinin sahibkarlıq fəaliyyətinin güclənməsinə səbəb olacaq. Həyata keçirilən layihələr zamanı İslam ölkələrində təbii resurslardan istifadə olunması, enerji məsələlərinin işlənməsi, ətraf mühitin qorunması da nəzərə alınmalıdır. Dünyanın bütün çağırışlarının həllində İslam ölkələrinin gənc sahibkarlarının rolu olmalıdır”.