Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Londonda Suriya müxalifəti ilə bu ölkədəki vəziyyəti müzakirə edəcək.
XİN rəhbərinin Suriya Milli Şurası və Demokratik dəyişikliklər naminə Milli koordinasiya komitəsinin üzvlərini qəbul edəcəyi bildirilib. Bundan başqa, Suriya müxalifət nümayəndələrinin Baş nazir Devid Kemeronun məsləhətçilər qrupu ilə görüşəcəyi gözlənilir.
SalamNews-un "Vzqlyad"a istinadən verdiyi xəbərə görə, görüşdən öncə Birləşmiş Krallığın Beyrutdakı keçmiş səfiri Frensis Qay Suriya müxalifəti ilə iş üzrə xüsusi nümayəndə təyin olunub.
Bildirək ki, Suriya müxalifəti ilə Britaniyanın yüksək vəzifəli məmurlarının görüşləri bu ölkədə siyasi vəziyyətin gərginləşdiyi və Bəşər Əsəd rejiminə qarşı beynəlxalq təzyiqləri artdığı bir dövrdə baş tutacaq.
Xatırladaq ki, artıq Ərəb Dövlətləri Liqası Suriyanın təşkilatdakı üzvlüyünü dondurduğunu bəyan edib. BMT TŞ-na üzv bir sıra ölkələr isə rəsmi Dəməşqə qarşı sərt siyasi-diplomatik addımların atılmasını tələb edir.
BMT-nin hesabatına görə, iğtişaşlar başlayandan sonra Suriyada 3500-dək insan həlak olub.