Tehran şəhər Ümumi Məhkəməsi İran prezidenti Mahmud Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri, İRNA agentliyinin icraçı direktoru Əli Əkbər Cavanfikiri bir il azadlıqdan məhrum edib.
APA-nın məlumatına görə, məhkəmə həmçinin onun jurnalist fəaliyyətinə üç il qadağa qoyub. Əli Əkbər Cavanfikir “Xatun” dərgisində İranın şəriət qaydalarına zidd materiallar dərc etməkdə ittiham olunur.
Qeyd edək ki, Əli Əkbər Cavanfikir barəsində belə bir qərarın çıxarılması onun İranda islahatçı qüvvələrə yaxın sayılan “Etimad” qəzetinə müsahibəsindən bir gün sonraya təsadüf edib.
Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri həmin müsahibəsində İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin tərəfdarlarına qarşı kəskin ittihamlar səsləndirmişdi.