"Təhsil haqqında" yeni qanuna əsasən ölkədə fəaliyyət göstərən təhsil müəssisələrinə hicabla gəlmək qadağan olunacaq. Qanun layihəsinə görə, bütün təhsil müəssisələrinə təhsil alanların, təhsil verənlərin və digər işçilərin baş örtüyündə və digər dini geyimlərdə gəlmələrinə yol verilmir.
Millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib ki, qanun layihəsində belə bir müddəanın əksini tapması mənfi fəsadlar törədəcək: "Belə halların yaranmaması üçün sözügedən məsələ qanunla deyil, təhsil müəssisələrinin nizamnaməsilə həllini tapmalıdır. Çünki təhsil qanununa əsasən dövlət hər bir vətəndaşı üçün cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən və milliyətindən asılı olmayaraq təhsil almaq imkanı yaradır və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir".