"Təhsil haqqında" yeni Qanunun layihəsində baş örtüklərində təhsil müəssisələrinə gəlməyi qadağan edən müddəanın salınması ilə bağlı Dini Araşdırmalar Mərkəzi bəyanat yayıb.
Mərkəzin rəyinə görə bu müddəanın qəbul edilməsi dini mühitdəki ab-havanı mənfi istiqamətdə gərginləşdirəcək, cəmiyyətdə kifayət qədər çəkiyə malik olan dini kəsimin dövlətdən və hakimiyyətdən narazı düşməsinə səbəb olacaq, dindarların arasında radikal meyllərin artmasına gətirib çıxaracaqdır. "Heç bir alternativ təklif etmədən, yalnız dini əqidəsinə görə cəmiyyətin bir qisminin təhsil hüququndan məhrum edilməsi yolverilməzdir.. Bu müddəanı Qanuna salmaq istəyənlərin bu addımı düşünərək və ya düşünməyərək atmasından asılı olmayaraq həmin müddəa nə ölkəmizin dövlətçilik maraqlarına, nə də prezident seçkiləri ili ərəfəsində cənab Prezidentin siyasi kursuna uyğun deyil" - deyə bəyanatda qeyd olunur.