Devamm: Dini fəaliyyətlə bağlı yeni məhdudlaşdırmalar: təbliğat aparmaq niyə qumarbazlıqdan pisdir?
Məlum olduğu kimi, dini fəaliyyətlə bağlı olacaq dəyişikliklər layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları komitələrinin birgə iclasında müzakirə edilərək parlamentin plenar sessiyasına tövsiyə olunub.
Öncə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərə nəzər salaq. Köhnə redaksiyada dini fəaliyyətlə bağlı 300-cü maddə “Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması” adlanaraq, bu variantda idi:
300.0. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına, yəni:
300.0.1. müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər tərəfindən dini təyinatlı və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal və ya ixrac edilməsinə;
300.0.2. istehsalına və ya idxalına müvafiq icra hakimiyyəti orqanının razılığı alınmamış dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər tərəfindən yayılmasına;
300.0.3. dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasına;
300.0.4. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılmasına görə —
inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, əşyalar və materiallar müsadirə edilməklə vətəndaşlar 200 manatdan 400 manatadək miqdarda, vəzifəli şəxslər 400 manatdan 600 manatadək miqdarda, hüquqi şəxslər 2000 manatdan 4000 manatadək miqdarda cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. (1, 119, 141)
İndi bu maddəyə dəyişiklik edilərək, aşağıdakılar əlavə olunur:
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, İslam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi,
Lakin, 300.0.1 və 300.0.2 maddələri İnzibati Xətalar Məcəlləsindən çıxararaq, birləşdirilmiş formada 167-2 maddəsi kimi Cinayət Məcəlləsinə daxil etmək təklif olunur (bu barədə digər araşdırmanın aparılması nəzərdə tutulub).
Beləliklə, öncə inzibati xətalara aid edilməyə namizəd olan maddələrə baxaq. Bu əlavələr arasında Azərbaycandan kənarda dini təhsil almış şəxsin ayin və mərasimlərin icrasına görə azı 200 manatdan 400 manatadək (hüquqi şəxslərin isə hətta 4000 manatadək) cərimə olunmaq təhlükəsi xüsusi diqqət cəlb edir. Bu maddənin aşkar diskriminasion səciyyəli olması öz yerində (yalnız İslam dininə aid olması, dini təhsil almış vətəndaşların fəaliyyətinin əsassız olaraq məhdudlaşdırılması və s.), bunun sanksiyası üzrə digər əməllərlə bir qədər müqayisə aparaq. Bunun üçün İnzibati Xətalar Məcəlləsində mövcud olan bir çox maddələrin arasından sadəcə bir neçəsini seçək:
- qanunvericiliyə görə, tərbiyəsiz uşaq böyütməyə görə valideyn 20 manatdan 40 manatadək cərimə olunur (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsi). Deməli, qanunvericinin nəzərində Azərbaycandan kənarda dini təhsil almış şəxsin ayin və mərasimləri aparması, tərbiyəsiz uşaq böyütməkdən 10 dəfə ağır bir əməldir;
- əmək qabiliyyəti olmayan valideyni saxlamaqdan boyun qaçırmağa görə 30 manatdan 40 manatadək miqdarda cərimə tətbiq edilir (maddə 52). Gördüyümüz kimi, Azərbaycandan kənarda dini təhsil almış şəxsin ayin və mərasimləri aparması, valideynə qarşı bu cür qəddar münasibətdən azı 7 dəfə ağır bir əməl sayılır;
- təqaüdçülərə pensiyanın verilməməsinə görə məmurlara yönələn cərimə 35 manatdan 80 manata qədərdir (maddə 52-1). Deməli, Azərbaycandan kənarda dini təhsil almış şəxsin ayin və mərasimləri aparması, təqaüdçünün haqqını bu qədər pozmaqdan azı 4 dəfə ağır əməldir;
- öz haqlarını müdafiə etmək üçün tətil etmək istəyən fəhləni, zor tətbiq etməklə bu tətildə iştirakdan imtinaya məcbur etməyə görə 10 manatdan 35 manatadək cərimə tətbiq edilir (maddə 60). Buradan aydın olur ki, Azərbaycandan kənarda dini təhsil almış şəxsin ayin və mərasimləri aparması, fəhləyə hədə-qorxu gələrək, hətta döyərək, tətil etməməyə məcbur etməkdən azı 20 dəfə pis bir əməldir;
- İş yerində cinsi zəmində təqiblərə, qısnamaya məruz qalmış qadının rəhbərlikdən şikayətinə görə bu işçinin təzyiqlərə məruz qalması – 70 manatdan 90 manatadək cərimə ilə cəzalandırılır (maddə 60-1). Deməli, Azərbaycandan kənarda dini təhsil almış şəxsin ayin və mərasimləri aparması, bu iyrənc əməldən azı 3 dəfə pis məsələdir;
- Özünü satan qadınlar bu məşğuliyyətə görə 35 manatdan 40 manatadək miqdarda cərimə edilir (maddə 308). Belə çıxır ki, qaninvericinin nəzərində Azərbaycandan kənarda dini təhsil almış şəxsin ayin və mərasimləri aparması, qadının özünü satmasından azı 6-7 dəfə pis əməldir;
- Qumar oynamağa görə qanunverici 15 manatdan 20 manatadək cərimə tətbiq edir (maddə 309). Belə alınır ki, Azərbaycandan kənarda dini təhsil almış şəxsin ayin və mərasimləri aparması qumarbazlıqdan 13 dəfə pis əməldir.
Təəssüf ki, heç bir əsas gətirmədən, heç bir izah vermədən qanunvericiliyə bu cür məhdudiyyət səciyyəli əlavə və dəyişikliklər təklif edilir. Ən acınacaqlısı da odur ki, insanların mənəvi ehtiyaclarını ödəmək, dini ayinləri və mərasimləri icra etmək - əgər bunu icra edən xaricdə dini təhsil almış şəxsdirsə – qumarbazlıqdan da, əxlaqsızlıqdan da, tərbiyəsiz uşaq böyütməkdən də, ağvalideynlikdən də, işçinin, təqaüdçünün haqlarını basmaqdan da və bir çox digər aşkar mənfi hərəkətlərdən də qat-qat pis əməl hesab edilir. Hesab edirik ki, ictimaiyyət bu məsələdə öz prinsipial mövqeyini sərgiləməli, Milli Məclis tərəfindən sözügedən dəyişikliklərin qəbul edilməməsinə nail olmalıdır.
DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin)