Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan Qara dəniz İqtisadi və Əməkdaşlıq Forumunda enerji siyasətindən danışıb.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, forumun açılışında çıxış edən Ərdoğan deyib: "Suriya enerji qaynaqlarına baxımından zəngin ölkə olmadığı üçün, dünya ictimaiyyətində kifayət qədər diqqətlə izlənməyə bilər. Kifayət qədər neftə sahib olmadığı üçün Suriya Liviya qədər əks-səda salmaya bilər. Amma bilməlisiniz ki, Liviyada ölənlər necə insanlardırsa, Suriyada ölənlər də insanlardır".
Türkiyənin baş naziri vurğulayıb ki, Liviyaya maraq göstərənlərin Suriyadakı qırğınlara səssiz və reaksiyasız qalması düzgün deyil. Şübhə yoxdur ki, Yaxın Şərqdəki problemlər, sadəcə, regional problemlər deyil, qlobal problemlərdir. Ona görə də qlobal rifah, sakitçilik, həmrəylik naminə bölgədə yaşanan faciələrin və axan qanın dayandırılması üçün təcili tədbir görmək məcburiyyətindəyik.