Bütün ermənilərin katolikosu II Qaregin Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə və Azərbaycanla dinc qonşuluq münasibətlərini inkişaf etdirməyə çağırıb.
"İzvestiya" qəzetinə müsahibə verən II Qaregin bildirib ki, Azərbaycanla Ermənistan çiyin-çiyinə, bir-birinə dəstək verərək yaşamalıdır: "Dini liderlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirakını vacib sayıram. Bir zamanlar Moskva və bütün Rusiyanın patriarxı II Aleksinin təşəbbüsü ilə dini liderlərin görüşləri keçirilirdi. Bu təşəbbüs çərçivəsində mən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə beş-altı dəfə görüşmüşəm. Bu görüşlərin məqsədi dövlət rəhbərlərimizin problemləri müzakirə etməsi və qarşılıqlı anlaşmaya gəlməsi üçün lazımi atmosfer formalaşdırmaq idi".