Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, partiya üzvü Zülfüqar Mikayılovun və Fəraməz Abbasovun apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.
APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri məhkəmənin istintaqla aparılması barədə vəsatət veriblər. Həmin vəsatət təmin olunmayıb.
Prosesin baxış iclası isə dekabrın 1-nə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacı Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəraməz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddəti təyin olunmaqla, 11 il müddətinə şərti cəzaya məhkum olunub.
İttiham olunan şəxslər bu il yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan onlara Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq)və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunub.