İsrailli analitik: “Türkiyə ilə münasibətləri soyuyan İsrailin regionda yeni müttəfiqlər axtaracağı istisna deyil, bu sırada ən uyğun müttəfiq Azərbaycan ola bilər”
“İsrail üçün əsas problem yenə də İrandır, buna görə də coğrafi nöqteyi-nəzərdən baxsaq, İranla qonşu dövlətlər İsrail üçün daha böyük maraq doğurur”
“Bu yaxınlara kimi hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən İsraillə Türkiyə arasında münasibətlər çətin ki əvvəlki səviyyəyə qayıtsın”. APA-nın məlumatına görə, İsrail Milli Təhlükəsizlik İnstitutunun (İNSS) analitiki Xirş Qudman (Hirsch Goodman) bu fikirləri Stokholm Siyasi Təhlükəsizliyin Tədqiqi və İnkişaf İnstitutunda mühazirə zamanı söyləyib.
Onun sözlərinə görə, İsrail “Azadlıq” donanması ilə bağlı hadisəyə görə Türkiyədən üzr istəməməklə səhvə yol verib: “İsrailin Türkiyə ilə münasibətlərin soyuması fonunda regionda alternativ müttəfiqlər axtaracağıq istisna deyil. Belə müttəfiqlərdən biri Azərbaycan ola bilər. İsrail üçün əsas problem yenə də İrandır, buna görə də coğrafi nöqteyi-nəzərdən baxsaq, İranla qonşu dövlətlər İsrail üçün daha böyük maraq doğurur. ABŞ-ın regional siyasəti tənəzzülə uğramaqdadır, sabiq SSRİ respublikaları, o cümlədən Azərbaycan isə əksinə inkişaf edirlər. Bu gün Azərbaycan və İsrail arasında münasibətlər ən yüksək işgüzar səviyyədədir”.
“Biz Türkiyə ilə əlaqələri birdəfəlik kəsməmişik, lakin İsraildən bu ölkəyə gedən turistlərin sayı əhəmiyyətli dərəcədə azalıb və nəticədə Türkiyə iqtisadiyyatına ciddi ziyan dəyib”. Analitik İsrail-Türkiyə münasibətlərinin mövcud səviyyəsini belə şərh edib.
Ərəb ölkələrində baş verən inqilabları İsrailin təhlükəsizliyi baxımından dəyərləndirən Xirş Qudman qeyd edib ki, Hüsnü Mübarək devrildikdən sonra Misirin gələcəyi əsas diqqət mərkəzi olaraq qalır.
“İsraildə əvvəlki tək hesab edirlər ki, Misiri Sadat və Mübarəkin dövründə olduğu kimi yenə hərbçilər idarə edəcək. İslamçıların hakimiyyətə gəlməsi ordunun buna razılıq verib-verməməsindən asılıdır. İsrail və Misir arasında hərbi münasibətlər yenə də yüksək səviyyədədir, bu, iki ölkənin sərhədlərinin təhlükəsizliyi və Sinay yarımadası məsələsində az əhəmiyyət kəsb etmir”.
Suriyada baş verən son hadisələri dəyərləndirən analitik Bəşər Əsəd rejiminə qarşı çıxan azadlıq hərəkatını alqışlayıb: “Nüvə silahı əldə etmək ambisiyalarını, “Hizbullah”a və İraqdakı antidemokratik hərəkata verdiyi dəstəyi nəzərə alsaq, Suriyadakı rejimi heç vaxt dost hesab etmək olmaz. Buna görə də Əsəd rejiminin çökməsi “Hizbullah”ın mövqelərini zəiflədəcək, İsrail buna görə bu prosesi müsbət qarşılayır”.
Xirş Qudmanın sözlərinə görə, “Ərəb baharı” regionda siyasi və iqtisadi mühitin dəyişməsinə səbəb olub: “Suriyada inqilabın başlanması ilə İsrailin bu ölkənin müttəfiqləri tərəfindən hərbi hücumlara məruz qalması təhlükəsi aradan qalxıb. İranın İsrailə hücumunu mürəkkəbləşdirən bir neçə faktor var. Birincisi, İsraildə nüvə fizikası sahəsində dahilər nəsli yetişib və ölkə güclü raket hücumundan müdafiə sisteminə malikdir. İkincisi, İranın İsrailə hücumu ölkənin ərəb əhalisinin ölümünə səbəb ola, və regionun su resurslarına böyük zərər yetirə bilər. Qonşu ərəb ölkələrinin bu resurslardan asılı olduğunu unutmaq lazım deyil”.