Hacı Salman Musayev 72 yaşlı Nurayev Yusif Ramazan oğlunun İordaniyaya yaxın Təbuk deyilən ərazidə ürək çatışmamazlığından vəfat etdiyini bildirib
Həccə gedən zəvvarlarımız hamısı yeni ili evlərində qarşılayacaqlar. Onlardan yalnız birinə müqəddəs torpaqda qalmaq nəsib olub. Ziyarət zamanı vəfat edən 72 yaşlı Yusif Nuriyev artıq topağa tapşırılıb.
Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların son qrupu dekabrın 30-da vətənə qayıdacaq. Qafqaz müsəlmanları idarəsinin sədr müavini Hacı Salman Musayevin sözlərinə görə, vətənə dönən zəvvarların ilk qrupu bu gün Suriyaya çatacaq. Zəvvarlar orada bir gün qaldıqdan sonra İordaniya, Suriya, Türkiyə və İrandan keçməklə Azərbaycan ərazisinə daxil olacaqlar.
Ziyarətə gedən azərbaycanlı zəvvarlardan biri isə vətənə dönərkən dünyasını dəyişib. Zaqatala rayon sakini, 72 yaşlı Nurayev Yusif Ramazan oğlu İordaniyaya yaxın Tabuk deyilən ərazidə vəfat edib. Hacı Salman bildirib ki, o avtobusda olan zəvvarlardandır: "Tabuk yolunda, yəni İordaniya yaxın məsafədə rəhmətə gedib. Yüksək qan təzyiqi varmış. Yəni ürək çatımazlığından ölüb. Tabuk deyilən yerdə dəfn olunub".
Hacı Salman Musayev digər zəvvarların səhhətlərinin normal olduğunu bildirib. Qeyd edək ki, bu il Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanında 255 zəvvar vəfat edib. Ölkənin Səhiyyə nazirliyinin açıqlamasında deyilir ki, Məkkəyə gəlmiş 2 milyon 400 min zəvvarın əksəriyyətini yaşlılar təşkil etdiyindən, dünyasını dəyişənlərin çoxu ahıl insanlardır. Xatırladaq ki, bu il Həcc ziyarətinə Azərbaycandan 6 min zəvvar yollanmışdı.