Müqəddəs Həcc ziyarətini başa vurmuş azərbaycanlı hacıların bir qrupu bu gecə vətənə dönəcək. Bu barədə SalamNews-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.
Onun sözlərinə görə, ziyarətdən qayıdan zəvvarlarımız səfərə təyyarə ilə gedənlərdir. Sonuncu təyyarə Bakıya noyabrın 19-da Heydər Əliyev adına hava limanına enəcək. Ziyarətə avtobusla gedənlər isə artıq yoldadır və bu gün ilk avtobuslar vətənə dönməlidir.
Bildirək ki, bütün həcc əməllərini başa çatdırmış zəvvarlarımızın, Müqəddəs məkanda olduqları zamanı səhhətlərində problem yaşanmayıb. Onlara yüksək səviyyədə xidmət göstərilib. Avtobusla qayıdan zəvvarlar, Vətənə qayıdarkən İraqın Kərbəla şəhərində müqəddəs yerləri də, ziyarət edəcəyi gözlənilir.
Xatırladaq ki, builki həcc ziyarətinə gedən avtobuslar İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edib. Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, 2000 zəvvar avtobus və təyyarələrlə olub. Ziyarət Türkiyənin tanınmış “Ulusoy” şirkətinə məxsus avtobuslarla həyata keçirilib və biletin qiyməti 2650 manat olub. Təyyarə ilə səfər xərci isə 3750 manat təşkil edib. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaq basdı vergisi, çadırların icarə haqqı daxil olub. Azərbaycanlı zəvvarlar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşüb.