Liviyanın devrilmiş lideri Müəmmər Qəzzafi əsir düşdükdən sonra xarici ölkədən verilən əmr nəticəsində öldürülüb.MENA agentliyinin verdiyi məlumata görə, bu ehtimalı Liviya Milli Keçid Şurası İcraiyyə Komitəsinin sabiq rəhbəri Mahmud Cibril dilə gətirib.
Mahmud Cibril bu əmrin konkret kim tərəfindən verildiyini bilmədiyini söyləyib: “Müəmmər Qəzzafi əsir götürülən zaman sağ olub, bir neçə saat sağ saxlanılıb. Müəmmər Qəzzafi bir neçə saatdan sonra öldürüldüyü üçün şübhələnməyə əsas var. Aydındır ki, kimsə Müəmmər Qəzzafinin danışacağından qorxub. Əslində bizə Müəmmər Qəzzafinin sağ saxlanılması lazım idi. Sağ qalsa, onun xarici ölkə liderləri ilə gizli əlaqələrinin üstünü açmaq mümkün olacaqdı”.
Qeyd edək ki, Müəmmər Qəzzafi oktyabrın 20-də anadan olduğu Sirt şəhərindən hərbi maşın karvanı ilə çıxarkən NATO-nun döyüş vertolyotları və qırıcı təyyarələri tərəfindən atəşə tutulub. Daha sonra ora Misratadan gələn silahlı qiyamçı qrup yaxınlaşıb və Müəmmər Qəzzafi yaralı ələ keçirilib. Liviyanın devrilmiş lideri əsir götürüldükdən sonra 3 saat işgəncələrə məruz qalıb və daha sonra güllələnib. Lent.az