ABŞ Dövlət katibinin Yaxın Şərq işləri üzrə müavini Cefri Feltman bildirib ki, Türkiyə Suriyadakı rejimə təzyiq etmək prosesində həddindən artıq əhəmiyyətli və müsbət bir rol oynayır.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Feltman, Senatın xarici əlaqələr palatasının Yaxın Şərq və Cənubi və Mərkəzi Asiya işləri üzrə alt komitəsinində Suriya mövzusunda keçirilən iclasda senatorların suallarına cavab verib.
İclasa sədrlik edən senator Bob Caseyn Türkiyənin Suriya mövzusundakı roluna dair Feltmana sual verib. Türkiyə ilə Suriyanın bir il bundan əvvəl yaxın dostluq əlaqəsi içində olduğunu xatırladan Feltman deyib: "Suriya və Türkiyə arasında iqtisadi, siyasi və diplomatik əlaqələr inkişaf etmişdi və çox yaxşı münasibətləri var idi. Ancaq bu əlaqələr hazırda pozulub. Türkiyə Suriyadakı rejimə təzyiq göstərməkdə son dərəcə vacib bir rol oynayır".
C.Feltman, Türkiyənin bir neçə sahədə əhəmiyyətli rol oynadığını vurğulayaraq bildirib ki, bunların ən vacibi Suriyalı qaçqınlara Türkiyə torpaqlarında sığınacaq verilməsidir. Hazırda Türkiyədə 8 minə yaxın qaçqın yaşayır.