“ABŞ İrana qarşı apardığı ədavətə görə peşman olacaq”. Bunu İran Prezidenti Mahmud Əhmədinejad bildirib.
SalamNews İRNA-ya istinadən xəbər verir ki, bu bəyanat İİR prezidenti tərəfindən MAQATE sədri Yukio Amanonun İranın nüvə proqramı haqqında qəbul etdiyi sənədin dərc olunması ərəfəsində səsləndirilib. İran tərəfi iddia edir ki, Yukio Amanonun ABŞ-a səfəri zamanı Obama administrasiyası onun fikirlərinə böyük təsir göstərib.
Əhmədinejad bildirib: “İranı nüvə silahının hazırlanmasında günahlandıran Obama hökuməti 5 minlərlə atom silahına sahibdir. İran nüvə araşdırmalarına təqribən 250 milyon dollar vəsait ayırıbsa, ABŞ tərəfindən 81 milyard dollar təkcə nüvə silahlarının modernləşdirilməsi üçün nəzərdə tutulub. Kim təhlükəlidir – İran ya öz atom arsenallarına sahib və yeni silahlar hazırlayan ölkələr?
ABŞ digər dövlətlərin daxili işlərinə qarışaraq, dünya üzrə bir sıra problemlərin yaranmasına böyük təkan verir. ABŞ elan edir ki, İranla münasibətlərin tənzimlənməsi üçün danışıqlara getməyə hazırdır, bəs nə üçün Obama münaqişənin kəskinləşməsinə çalışır?”
İran prezidenti Vaşinqtonu İrana münasibətdə göstərdiyi mövqedən əl çəkməyə çağırıb.