Bu gün məscidlərdə dindarlar namaz qılaraq İd əl-Ədhə (Qurban) bayramını qeyd ediblər.

SalamNews-un verdiyi xəbərə görə, paytaxtın «Cümə», «Məşədi Dadaş», «Təzəpir», «Hacı Cavad» məscidlərində, «Hüseyniyyə» ibadətgahında, həmçinin ölkənin digər məscidlərində bayram namazı qılınıb. Pis hava şəraitinə baxmayaraq, səhər saatlarından etibarən minlərlə adam öz din qardaşları ilə birgə kütləvi ibadət mərasimlərində iştirak etmək üçün məscidlərə axışıb.
Bayram mərasimlərinə məscid axundları, imam-camaatlar və ölkənin dini elitasının digər məsul şəxsləri rəhbərlik ediblər. Mərasimlərdə dualar oxunub, bayram namazı qılınıb, dini xadimlərin xütbələri dinlənilib. Bayram namazı qılmaq istəyənlərin sayı o qədər çox olub ki, məscidlərdə yer olmadığından bəzi yerlərdə camaat küçələrdə dini ayinləri yerinə yetirmək məcburiyyətində qalıblar.
Bununla əlaqədar olaraq, bayram mərasimin rəhbərləri kütləvi ayinlərdə iştirak edə bilməyən şəxslər üçün ikinci dəfə bayram namazının qılınacağını elan ediblər.
Bildirək ki, dünən Bakının "İlahiyyat", Qaraçuxur qəsəbəsində yerləşən məscid, həmçinin bir neçə digər məscidlərdə bayram namazı qılınıb. Həmçinin dünyanın bəzi ölkələrində də İd əl-Ədhə bayramı dünən keçirilib.
SalamNews agentliyinin kollektivi Qurban bayramı münasibəti ilə bütün Azərbaycan xalqını və müsəlmanları təbrik edir. Hamıya Allahdan bağışlanmasını və xoşbəxtlik arzu edirik!