Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) dekabrın 12-dən 14-dək Küveytdə keçiriləcək «Gulf Defense & Aerospace – GDA-2011» birinci beynəlxalq müdafiə sərgisində təmsil olunacaq. Bu barədə APA-ya sərginin təşkilat komitəsindən məlumat verilib.
Küveytin baş nazirinin birinci müavini, müdafiə naziri Şeyx Cabir Mübarək əl-Hamad əl-Sabahın himayəsi altında keçiriləcək sərgidə 22 ölkədən şirkətlər, dövlət müəssisələri və elmi mərkəzlər özlərinin müdafiə təyinatlı məhsullarını nümayiş etdirəcəklər.
Sərgidə zirehli texnikalar, komanda və nəzarət sistemləri, silahlar, döyüş sursatları, zirehlər, hava hücumundan müdafiə vasitələri, tank əleyhinə sistemlər, simulyatorlar, hərbi aviasiya texnikaları, raketlər, dəniz sistemləri, naviqasiya vasitələri, port infrastrukturunu mühafizə, təhlükəsizlik, kəşfiyyat texnologiyaları, polis vasitələri, axtarış-xilasetmə avadanlıqları və s. nümayiş olunacaq.
Qeyd edək ki, Azərbaycan MSN bu il Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş «İDEX-2011» və Türkiyədə keçirilmiş «İDEF-2011» sərgilərində iştirak edib.